19 dekabr 2025
|141

Crystal Palace qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır və əsas hədəflərdən biri AS Monaco-nun sağ cinah müdafiəçisi Vandersondur. Türklərdən olan jurnalist Ekrem Konurun məlumatına görə, London təmsilçisi 24 yaşlı Braziliya millisinin üzvünü yanvarda heyətinə qatmaq istəyir.
“Qartallar” sağ vinger-bek mövqeyində ciddi problem yaşayır. Komandanın əsas futbolçularından biri olan Daniel Munoz dizindən aldığı zədə səbəbilə uzun müddət meydanlardan kənarda qalacaq. Bu səbəbdən Crystal Palace rəhbərliyi transfer bazarına üz tutub və Vanderson əsas namizədlərdən biri kimi ön plana çıxıb.
Vanderson 2022-ci ilin yanvarında Gremio-dan AS Monaco-ya transfer olunduqdan sonra Liqa 1-in ən stabil cinah müdafiəçilərindən birinə çevrilib. İlk dönəmdə adaptasiya prosesi keçsə də, sonrakı mövsümlərdə əsas heyətin dəyişməz üzvü olub.
24 yaşlı futbolçu indiyə qədər Monaco forması ilə təxminən 150 oyuna çıxıb, 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun həm müdafiədə etibarlı olması, həm də hücuma aktiv qoşulması bir çox klubun diqqətini çəkib.
Crystal Palace-ın Vandersona marağı tam məntiqlidir. Munoz-un zədəsindən sonra sağ cinahda Nathaniel Clyne müvəqqəti variant kimi çıxış edir, lakin yaş faktoruna görə o, uzunmüddətli həll hesab edilmir.
Bu səbəbdən London klubu bir neçə alternativi dəyərləndirir. Siyahıda Sacha Boey və Wilfried Singo kimi adlar da var. Məlumata görə, Singo hazırda Palace üçün prioritet hədəfdir və klub onu bir neçə həftədir yaxından izləyir. Bununla belə, Vanderson da ciddi alternativ kimi nəzərdən keçirilir.
Vanderson təkcə Crystal Palace-ın deyil, Premyer Liqanın digər klublarının da maraq dairəsindədir. Xüsusilə Tottenham Hotspurun braziliyalı futbolçunu izlədiyi bildirilir. Bu isə London klubu üçün rəqabəti daha da çətinləşdirir.
Qış transfer pəncərəsi yaxınlaşdıqca, Crystal Palace-ın AS Monaco ilə rəsmi danışıqlara başlayıb-başlamayacağı və Vandersonun Premyer Liqaya keçib-keçməyəcəyi maraqla gözlənilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
