12 oktyabr 2025
|207

“Crystal Palace” qış transfer pəncərəsində “Vest Hem Yunayted”in müdafiəçisi Maks Kilmanı heyətinə qatmaq istəyir. Klub rəhbərliyi Mark Gehi-nin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda yeni mərkəz müdafiəçi axtarışındadır.
Football Insider xəbər verir ki, “Crystal Palace” rəhbərliyi 28 yaşlı Kilmanı qışda transfer etmək üçün hazırlıqlara başlayıb. London təmsilçisi uzunmüddətli dövrdə müdafiə xəttini gücləndirmək və Gehi-nin mümkün gedişinə hazırlaşmaq istəyir.
Londonda doğulan Kilman futbol təhsilini CM Futsal Academy, Fulham, Gillingham və Welling United kimi akademiyalarda alıb. Daha sonra “Meidenhed Yunayted”in gənclər komandasında formalaşaraq peşəkar karyerasına start verib.
Onun əsas yüksəlişi “Vulverhempton” dövrünə təsadüf edib. Kilman altı mövsüm ərzində “qurdlar”ın heyətində çıxış edib və komandanın kapitanı olub. 2024-cü ilin iyulunda o, “Vest Hem Yunayted”ə keçərək yeni mərhələyə qədəm qoydu.
“Vest Hem” son 15 ayda qeyri-sabit çıxış etsə də, Maks Kilman komandanın ən parlaq fiqurlarından biri sayılır. O, indiyədək klubun heyətində 50-yə yaxın oyuna çıxıb, iki məhsuldar ötürmə ilə yadda qalıb.
“Crystal Palace”ın kapitanı Mark Gehi klubla müqaviləsinin son ilinə daxil olub və onun “Liverpul”a keçidi barədə xəbərlər intensivləşib. “Qırmızılar” artıq futbolçunun xidmətində ciddi maraqlıdır və “Pelas” rəhbərliyi qışda yeni mərkəz müdafiəçi tapmaq məcburiyyətindədir.
Kilman bu baxımdan ideal variant kimi görünür – o, Premyer Liqa təcrübəsinə malik, hava mübarizələrində güclü və liderlik xüsusiyyətlərinə sahib oyunçudur.
“Crystal Palace” yayda Ousmane Diomande və İqor Tiyaqo kimi futbolçularla maraqlansa da, danışıqlar nəticəsiz qalıb. Maraqlıdır ki, Tiyaqo son anda “Vest Hem”ə keçib – bu isə indi Kilman transferini daha real edir.
Klub rəhbərliyi qış transfer pəncərəsində danışıqlara başlamağı planlaşdırır. “Vest Hem” isə müdafiə xəttində sabitlik problemi yaşadığı üçün futbolçunu asanlıqla buraxmaq istəmir, lakin yüksək təklif onu razı sala bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
