27 oktyabr 2025
|131

İtaliyanın nəhəng klubu “Yuventus” gələn il “Çelsi”nin gənc futbolçusu, 22 yaşlı Fransa millisinin üzvü Malo Qustonu transfer etmək niyyətindədir. “Gazzetta dello Sport” və “Calciomercato”nun məlumatına görə, Turin təmsilçisi sağ cinah müdafiəsini gücləndirmək üçün potensial namizədlər siyahısına Qustonu da daxil edib.
Malo Qusto son illərdə “Çelsi”nin ən istedadlı gənc oyunçularından biri kimi tanınır. O, futbol karyerasına Fransanın “AS Villefontaine” və “FC Bourgoin-Jallieu” akademiyalarında başlayıb, daha sonra “Olimpik Lion”un aşağı yaş qruplarında yetişib.
“Çelsi” Qustonu 2023-cü ilin yanvarında “Lion”dan transfer etmişdi, lakin o, həmin mövsümün ikinci yarısını icarə əsasında Fransa klubunda keçirdi. 2023/24 mövsümündən etibarən London təmsilçisinin əsas heyətinə daxil olan gənc müdafiəçi artıq 100-ə yaxın oyunda forma geyinib və 14 asistlə yadda qalıb. Onun performansı Fransa millisində də öz əksini tapıb.
Hazırda “Yuventus” baş məşqçi İqor Tudorun rəhbərliyi altında sağ cinahda etibarlı müdafiəçi axtarır. Klubun transfer siyahısında Nahuel Molina kimi digər adlar da olsa, Qusto gəncliyi, texniki bacarığı və hücuma dəstək vermək qabiliyyəti ilə önə çıxır.
“Bianconeri” yalnız Qusto ilə maraqlanmır – eyni zamanda “Çelsi”də az şans qazanan fransız mərkəz müdafiəçisi Aksel Disasinin də adı siyahıdadır. Bu isə göstərir ki, Turin klubu İngiltərə nəhəngi ilə qış transfer pəncərəsində ciddi danışıqlara hazırlaşır.
“Çelsi”nin Malo Qustonu satmağa razı olub-olmayacağı hələ məlum deyil. İngilis klubu onu gələcək layihənin vacib hissəsi kimi görür və xüsusilə Rhys James-in tez-tez zədələnməsi fonunda Qustonun komandadakı rolu daha da önə çıxıb.
Əgər “Yuventus” rəsmi təklif göndərərsə, “Çelsi” yalnız yüksək məbləğli təklifləri dəyərləndirə bilər. Turin təmsilçisinin isə gənc müdafiəçini icarə əsasında heyətinə qatmaq variantını da nəzərdən keçirdiyi bildirilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
