7 dekabr 2025
|139

“A Seriya”nın ən köklü klublarından biri olan Fiorentina bu mövsüm tam bir kabusu yaşayır. “La Viola” 2025/26 mövsümünün ən zəif komandasıdır və hələ də qələbə qazana bilməyən yeganə klub kimi turnir cədvəlinin dibinə yuvarlanıb.
Verona-nın Atalanta üzərindəki qələbəsindən sonra, Florensiya təmsilçisi liqada yalnız bir komanda kimi qalır ki, hələ də üç xal toplaya bilməyib. Statistikaya görə, bu mərhələdə bu qədər az xal toplayan heç bir komanda A Seriyada qalmağı bacarmayıb.
Halbuki “Fiorentina”nın heyəti ümumilikdə zəif deyil. Cəmi bir il əvvəl komanda ardıcıl iki avrokubok finalına çıxmış, keçmiş mövsümdə Raffaele Palladinonun rəhbərliyi altında rəqibləri üçün təhlükəli bir güc kimi görünürdü.
Hazırda isə vəziyyət həm meydanda, həm də kənarda tam bir xaosa çevrilib. Gəlin Florensiya klubunu bu böhrana gətirən əsas səbəblərə baxaq.
“Fiorentina” Vincenzo Italianodan Palladinoya keçəndə bu, ardıcıl futbol fəlsəfəsini qorumaq baxımından məntiqli addım sayılırdı. Lakin Palladino klub rəhbərliyi ilə fikir ayrılığına görə ayrıldıqdan sonra yerinə Stefano Pioli gətirildi.
Pioli “A Seriya” qalibi olsa da, onun oyun fəlsəfəsi Palladinonunkundan tam fərqlidir. Hətta Maurizio Sarri bu vəzifəyə maraq göstərsə də, klub keçmiş “Milan” baş məşqçisinə üstünlük verdi. Nəticədə oyunçuların meydandakı rolları və tapşırıqları qeyri-müəyyənləşdi, komanda oyun kimliyini itirdi.
Yeni təyin olunan Paolo Vanoli bir qədər ümid versə də, problemlər çox daha dərindir.
Bir neçə həftə əvvəl Edin Dzeko zəif oyunlardan sonra azarkeşlərin qarşısına çıxaraq onları sakitləşdirməyə və dəstəyə çağırmağa çalışmışdı. Amma ardıcıl zəif nəticələr bu münasibətləri daha da pisləşdirdi.
Hazırda Artemio Franchi stadionu demək olar ki, hər matçda fit və etiraz səsləri ilə dolur. Bu, komanda üzvlərinin motivasiyasını tamamilə sarsıdıb. Florensiyada futbol atmosferi artıq “təslim olma” ruhuna bürünüb və bu vəziyyət meydandakı oyun keyfiyyətinə də ciddi təsir edir.
Hazırda Artemio Franchi stadionu tikinti meydançasını xatırladır. Yeni arenanın inşası üçün köhnə tribunanın bir hissəsi sökülüb, lakin maliyyə çatışmazlığı səbəbindən proses planlaşdırıldığından çox daha ləng gedir.
Bu layihə klub üçün həm maliyyə yükü, həm də idman cəhətdən itkiyə çevrilib. Azarkeşlər üçün şərait pisləşib, ev oyunlarında atmosfer zəifləyib və nəticədə komanda öz meydanında uğursuz çıxış edir.
“Fiorentina”nın heyətində hələ də ciddi boşluqlar qalır.
Edin Dzeko artıq əvvəlki fiziki formada deyil.
Gənc hücumçu Roberto Piccoli böyük ümidlərlə transfer edilsə də, hələ ki, özünü göstərə bilməyib.
Moise Kean ötən mövsüm parlaq çıxış etmişdi, amma bu il taktiki qeyri-sabitlik səbəbindən öz potensialını göstərə bilmir.
Qapıçı David de Gea tez-tez kobud səhvləri ilə gündəmə gəlir.
Albert Gudmundssonun “Cenoa”dan gətirilməsi üçün böyük məbləğ ödənilsə də, islandiyalı hücumçu demək olar ki, heç bir fərq yaratmayıb.
Komandada davamlı dəyişikliklər, taktiki sınaqlar və rotasiyalar isə futbolçuların ritmini pozub. Nəticədə, “Fiorentina”nın ən yaxşı oyunçuları belə öz səviyyəsini göstərə bilmir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
