12 noyabr 2025
|169

Villarreal-ın israilli hücumçusu Manor Solomon qış transfer pəncərəsində klubdan ayrılmaq niyyətindədir. Fichajes nəşrinin məlumatına görə, futbolçu həm şəxsi, həm də peşəkar problemlər səbəbindən İspaniyada özünü rahat hiss etmir və artıq rəhbərliklə ayrılıq məsələsini müzakirə edir.
Manor Solomon ötən yay Tottenham Hotspur-dan icarə əsasında Villarreal-a qoşulmuşdu. Lakin 24 yaşlı futbolçu La Liqadakı karyerasına uğurlu start verə bilməyib. O, Marcelino García Toralın taktiki sisteminə uyğunlaşmaqda çətinlik çəkib və son üç oyundan ikisində ehtiyat oyunçular skamyasında qalıb, birində isə ümumiyyətlə heyətə daxil edilməyib.
Məlumata görə, Solomon ilk iki oyununda qol və assistlə yadda qalsa da, sonradan komandada yerini itirib. Bununla yanaşı, İsrail və Fələstin arasında davam edən siyasi gərginlik futbolçunun üzərinə əlavə təzyiq yaradıb. Klubdakı bəzi azarkeş qruplarının münasibəti də oyunçunun psixoloji durumuna mənfi təsir edib.
Solomon-un müqaviləsində elə bir xüsusi maddə var ki, o, yanvarda kompensasiya ödənilmədən Villarreal-dan ayrılmaq hüququna malikdir. İspaniyada vəziyyətin gedişatına baxıldıqda, israilli futbolçu artıq bu variantdan istifadə etməyə hazırlaşır.
Oyunçunun Tottenham-la olan müqaviləsi gələn yay başa çatır və London klubu onun üçün artıq gələcək planlarında yer görmür. Bu səbəbdən Solomon-un yanvarda azad agent kimi ayrılması istisna edilmir.
Manor Solomon Premyer Liqa təcrübəsinə malikdir və İngiltərəyə qayıtmaq onun üçün ən məntiqli addım sayılır. Ötən yay onunla Leeds United və Crystal Palace da maraqlanmışdı, lakin hər iki klubla danışıqlar nəticəsiz qalmışdı.
İndi isə Leeds və digər İngiltərə təmsilçiləri üçün yeni fürsət yaranıb. Solomon müntəzəm oyun praktikasına sahib olacağı bir komandaya keçmək istəyir, çünki bu, həm karyerasının bərpası, həm də milli komandadakı mövqeyi üçün vacibdir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
