8 dekabr 2025
|221

Real Madrid La Liqada gözlənilməz zərbə aldı. Xabi Alonso rəhbərliyindəki “kral klubu” səfərdə Celta Vigo ilə oyunda 0:2 hesabı ilə məğlub oldu və matçın əsas mövzusu futbol yox, hakim qərarları oldu. İspan mətbuatının yazdığına görə, qarşılaşma ərzində və sonrasında yaşananlar Real Madrid cəbhəsində ciddi narazılıq doğurub.
Gərgin keçən oyunda Celta Vigo hesabı ilk yarıda açdı. Williot Swedbergin dəqiq zərbəsi ilə ev sahibləri önə keçdikdən sonra Real Madridin vəziyyəti daha da çətinləşdi. Qısa müddət ərzində iki qırmızı kart “Los Blancos”un oyuna reaksiyasını faktiki olaraq bitirdi.
Celtanın qolundan təxminən 10 dəqiqə sonra sol cinah müdafiəçisi Fran Qarsiya iki sarı kartı ard-arda görərək meydandan qovuldu. Bir epizodda cərimə, növbətisində isə rəqibə gecikmiş müdaxilə kimi qiymətləndirilən hərəkət Realı azlıqda qoydu və oyunun tempini tamamilə Celtanın xeyrinə dəyişdi.
Matçın son dəqiqələrində emosiyalar daha da yüksəldi. Stoppaj vaxtında Alvaro Karreras hakimin qərarlarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı kartla cəzalandırıldı. Beləliklə, Real Madrid oyunu doqquz nəfərlə tamamladı.
Qarşılaşmadan sonra ən çox müzakirə olunan məqam isə ehtiyat skamyasında baş verən insident oldu. İlk anlarda texniki heyətdən bir nəfərin qovulduğu düşünülsə də, sonradan hakimin protokolunda qırmızı kartın Endrick Felipenin adına yazıldığı bildirildi.
Endrick oyunda meydana çıxmayan ehtiyat oyunçular arasında idi. Lakin protokola düşən qovulma onun gələcək planlarına birbaşa təsir edir. Cari qış transfer pəncərəsində Lyon-a icarəyə göndərilməsi gözlənilən braziliyalı hücumçu iki oyunluq cəza riski ilə üz-üzədir. Bu isə onun La Liqada Fransaya yollanmadan əvvəl yenidən forma geyinməsini demək olar ki, mümkünsüz edir.
Hakim Alejandro Quintero Qonzalesin matç hesabatında Dani Karvaxalın da ünvanına yer ayrılıb. Bildirilir ki, təcrübəli müdafiəçi referiyə emosional tonda irad bildirib və bu ifadələr intizam komitəsi tərəfindən maliyyə cəriməsi ilə nəticələnə bilər. Karvaxalın zədəli olması idman cəzasını praktiki baxımdan əhəmiyyətsiz etsə də, klubun ümumi şəkildə hakim idarəçiliyinə reaksiyasını göstərən mühüm detal kimi qiymətləndirilir.
Bu məğlubiyyət Real Madridin turnir cədvəlindəki vəziyyətinə də təsirsiz qalmayıb. Xabi Alonsonun komandası həm xal, həm də psixoloji baxımdan zərbə aldı. Üstəlik, ardıcıl qırmızı kartlar və protokol qalmaqalı növbəti oyunlar öncəsi rotasiya imkanlarını daraldır.
Madrid təmsilçisi artıq mövsüm ərzində bir neçə dəfə hakim idarəçiliyindən narazılıq etmişdi. Celta Vigo səfərindəki hadisələr isə bu mövzunu yenidən gündəmin mərkəzinə gətirdi. Klub rəhbərliyinin intizam komitəsinin qərarlarını gözləməsi və mümkün apellyasiya addımları atması istisna deyil.
İndi Real Madrid üçün əsas sual cəzaların rəsmi təsdiqindən sonra komandada necə bir reaksiya olacağıdır. Fran Qarsiya, Karreras və Endrickin hansı müddətə diskvalifikasiya ediləcəyi yaxın günlərdə dəqiqləşəcək. Xabi Alonso isə həm heyət balansını qorumaq, həm də komandanın diqqətini yenidən futbola yönəltmək məcburiyyətindədir.
Real Madrid üçün “Balaídos”da yaşananlar mövsümün ən səs-küylü gecələrindən biri kimi yadda qaldı. İndi isə həm meydanda, həm də masa arxasında qərar vaxtıdır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
