23 oktyabr 2025
|235

Real Madrid Çempionlar Liqasında Yuventusa qarşı 1:0 hesablı qələbə qazandıqdan sonra yenə diqqət mərkəzinə düşüb – bu dəfə meydanda deyil, onun hüdudlarından kənarda. Komandaya qələbə qazandıran yeganə qolu vuran Cud Bellinqem matçdan sonra təhlükəli hərəkəti ilə gündəm olub.
22 yaşlı ingilis yarımmüdafiəçi “Yuventus”la oyunda fərqlənərək cari mövsümdə ilk qolunu vurdu. Bu, eyni zamanda “Real Madrid”in Çempionlar Liqasındakı 100%-lik nəticəsini qoruduğu ikinci 1:0 hesablı qələbə idi. Baş məşqçi Xabi Alonso görüşdən sonra Bellinqemin oyununu yüksək qiymətləndirərək “qoldan başqa meydanda hər şeyi düzgün etdi” deyə bildirib.
Lakin görüşdən sonra hadisələr xoşagəlməz məcraya yönəlib. Diario AS yazır ki, “Santyaqo Bernabeu” stadionundan çıxan qara avtomobil azarkeşlərin böyük marağına səbəb olub. Nəticədə izdiham içində hərəkət edən avtomobil qırmızı işıqda keçərək yol hərəkəti qaydasını pozub.
Hadisənin videosunda avtomobilin işıqfor qarşısında qısa dayanıb, sonra isə qırmızı işıq yanmasına baxmayaraq hərəkətə davam etdiyi, hətta qarşı zolaqdan gələn digər sürücülə qısa mübahisə yaşandığı görünür.
Diario AS mənbələrinin təsdiqlədiyinə görə, maşının sükanı arxasında məhz Cud Bellinqem olub.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunur. İstifadəçilərin bir hissəsi futbolçunu azarkeş izdihamından qaçmağa çalışdığı üçün qismən haqlı saysa da, digərləri onun bu davranışını “məsuliyyətsiz və təhlükəli” adlandırıblar.
İndiyədək nə “Real Madrid”, nə də futbolçunun özü məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Bellinqem üçün bu xoşagəlməz olay “El Klassiko”dan bir neçə gün öncə əlavə diqqət və təzyiq yaradır.
“Real Madrid”in ulduz yarımmüdafiəçisi Cud Bellinqem Xabi Alonsonun rəhbərliyi altında hələ tam uyğunlaşa bilməyib. İngilis futbolçunun komandadakı rolu ilə bağlı aydınlıq çatışmır, bu da onun son aylardakı qeyri-sabit çıxışlarında özünü göstərir.
Bellinqem Klublar Dünya Kubokunda dərin yarımmüdafiə mövqeyindən oynayarkən yaxşı təsir bağışlamışdı. Lakin zədədən qayıtdıqdan sonra o, nə arxa xəttdən hücuma sürətli çıxışlarını, nə də topla fərdi ustalığını tam göstərə bilib.
Xüsusilə ötən ay keçirilən Madrid derbisindəki zəif oyunu bu durumu daha da aydın şəkildə nümayiş etdirdi. O görüşdə Bellinqem nə pressinqdə, nə də hücumda komandaya istənilən dinamikanı verə bildi.
Xabi Alonso ümid edir ki, “Yuventus”la matçda vurduğu qol Bellinqemin dönüş nöqtəsinə çevriləcək. Gənc baş məşqçi “El Klassiko” öncəsi onun oyun ritmini tapmasına güvənir.
Bununla belə, Bellinqemin start heyətdə yer alması ehtimalı Arda Güler və ya Franko Mastantuono üçün mənfi nəticə verə bilər. Hər iki gənc futbolçu son matçlarda inamlı çıxış etsə də, Alonso böyük oyun öncəsi təcrübəli Bellinqemə üstünlük verə bilər.
“Real Madrid”də hazırda orta xəttdə balans tapmaq hələ də başlıca məsələ olaraq qalır. Alonso üçün əsas sual budur: Bellinqemi yenidən parlayan ulduza çevirmək üçün hansı mövqe və taktiki azadlıq tələb olunur?
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
